Rzayev Anar Rəsul oğlu (ədəbi təxəllüsü ANAR)
1938-ci il martın 14-də, Bakıda, ədəbi ailədə anadan olmuşdur.
Ana babası Xudadat bəy Rəfibəylinin Cümhuriyyət hökümətinin (1918-1920) ilk Səhiyyə naziri, daha sonra Gəncə vilayətinin general -qubernatoru olmuş, Gəncə üsyanının təşkilatçılığında ittiham edilərək bolşeviklər tərəfindən 1920-ci ildə güllələnmişdir.
Anarın atası Azərbaycanın Xalq şairi, Sosialist əməyi qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı
Rəsul Rza, Azərbaycanda sərbəst şeirin yaradıcılarından biri və ən böyük təmsilçisi olmuşdur, dəfələrlə Azərbaycan Ali sovetinin deputatı seçilmiş, Yazıçılar İttifaqının sədri, Azərbaycanın ilk kinematoqrafiya naziri, Azərbaycan Ensiklopediyasının ilk Baş readktoru vəzifələrində çalışmışdır. Anası Azərbaycanın Xalq şairi
Nigar Rəfibəylidir lirik və uşaq şeirləri yazmaqla bərabər dünya ədəbiyyatının bir sıra görkəmli örnəklərini dilimizə çevirmişdir (Məhsətinin rübailərini, Nəvainin qəzəllərini, Şillerin, Hüqonun, Puşkinin, Çexovun, Voyniçin, H.Uelsin əsərlərini). Rəsul Rzanın və N.Rəfibəylinin sözlərinə bir çox populyar mahnılar bəstələnmişdir..
Anar 1945-ci ildə indi Bülbülün adını daşıyan musiqi məktəbinin Azərbaycan sektoruna daxil olmuş, 1955-ci ildə həmin məktəbi Gümüş medalla bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin rus sektoruna daxil olmuşdur. 1960-ci ildə Universiteti bitirdikdən sonra Nizami adına Ədəbiyyat muzeyində kiçik elmi işçi (1960-1961), Dövlət Radio və Televiziya Komitəsində redaktor (1961-1962) işləmişdir. Radioda çalışdığı vaxtda «Axşam görüşləri», «Tərcümə saatı», «Səslər muzeyi» kimi daimi verlişlərin əsasını qoymuşdur.
1962-1964-cü illlərdə Moskvada Ali Ssenari kurslarında, 1971-1972-ci illərdə Rejissor emalatxanasında təhsilini davam etdirmiş, ssenarist və rejissor diplomları almışdır. 1964-1967-ci illərdə Dövlət Radio və Televiziya komitəsində Uşaq şöbəsinin, daha sonra İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
İlk bədii yazılarını - «İki dəniz» hekayəsini və Amerika həyatından bəhs edən pyesini 1952-ci ildə Şuşada yay aylarında yazmışdır. Bundan sonra da bir sıra hekayələr yazmış, amma valideynlərinin tövsiyyəsiylə çapa verməmişdir. İlk mətbu əsərləri 1960-i ildə «Azərbaycan» jurnalının dekabr nömrəsində dərc olunmuş «Keçən ilin son gecəsi» və «Bayram həsrətində» hekayələridir. «Bayram həsrətində» adlı ilk kitabı 1963-cü ildə Bakıda nəşr edilib. 1964-cü ildə Sabit Rəhmanın, İsa Hüseynovun və Yusif Səmədoğlunun zəmanətiylə Yazıçılar İttifaqına üzv qəbul olunur, Kinematoqrafçılar, Teatr xadimləri və Jurnalistlər İttifaqlarının da üzvüdür.
Azərbaycan dilində və başqa dillərdə 120 dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr edilmişdir.
Bakıda Azərbaycan dilində yeddi cildliyi, rus dilində Çingiz Aytmatovun Ön sözüylə beş cildliyi çap olunmuşdur. Türkiyədə 15, Moskavada 10, İranda 7, Macarstanda, Özbəkistanda və Estoniyada hərəsində 3, Polşada 2, Çexoslovakiyada 2 (çex və slovak dillərində), Rumıniyada 2(rumın və alban dillərində), Bolqarstanda 2, Gürcüstanda 2, eləcə də Almaniya Demokratik Respublikasında, Federativ Almaniyada, Avstriyada, İsveçrədə, İsveçdə, Yunanstanda, Kubada, Ukraynada, Qazaxstanda, Tacikistanda kitatbları nəşr edilmişdir. Hazırda ABŞ da ikicildiliyi, Türkiyədə, İranda, Polşada və Macarstanda kitabları çapdadır. Ayrı-ayrı povestləri, hekayələri, məqalələri, esseləri ABŞda, Kanadada, Fransada, Finlandiyada, Hindistanda, Yaponiyada, Misirdə, İraqda, İzraildə, keçmiş sovet respublikalarının hamısında dövrü mətbuat səhifələrində dərc edilmişdir.
«Ağ liman», «Beş mərtəbəli evin altıncı mərtəbəsi», «Macal», «Dantenin yubileyi», «Əlaqə»,» Otel otağı», «Ağ qoç,qara qoç», «Göz muncuğu», «Keçən ilin son gecəsi», «Asqılıqda işləyən qadının söhbəti», «Mən, sən, o və tetefon», «Gürcü familiyası», «O gecənin səhəri», «Qırmızı limuzin», «Vahimə», «Yaxşı padşadın nağılı» adlı povest, roman və hekayələri, «Molla Nəsrədin 66» satirik hekaylər silsiləsi qırxa yaxın dilə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevə həsr olunmuş «Unudulmaz görüşlər» kitabının, Nazım Hikmət haqqında Azərbaycanda və Türkiyədə nəşr edilmiş «Kərəm kimi» sənədli romanının, valideynlərini itiridiyi ağır günlərə həsr olunmuş «Sizsiz» xatirə romanının, Ənvər Məmmədxanlıya həsr olunmuş «Həyatım ağrıyır» xatirə povestinin, Rəsul Rzanın həyat və yaradıcılığı barədə «Mübarizə bu gün də var» kitablarının müəllifidir. Azərbaycan, Türkyiyə, rus və dünya klassik və çağdaş yazıçıları, sənət adamları haqqında onlarla esseləri, memuar xarakterli yazıları var («Dədə Qorqud dünyası», Nəsimi haqqında «Şarin hünəri», Xətai haqqında «Şairin zəfəri», Füzuli haqqında «Şairin kədəri», M.C.Məmmədquluzadə haqqında «Anlamaq dərdi», Cəfər Cabbarlı haqqında «Azad bir quşdum», S.Vurğun haqqında «Vurğunluq», bunladan başqa «Nəsrin fəzası», «Xalçanın hikməti», «Muğamın əbədiliyi», «Ekran pəncərəsi», «İçəri şəhər» esseləri, Üzeyir Hacıbəyli, Şövkət Məmmədova, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vaqif Mustafazadə, Səttar Bəhluldazə, Mircavad Cavadov, Tahir Salahov, Toğrul Nərimanəyov, habelə Mevlana, Yunis İmrə, Orxan Vəli, F.H.Dağlarca, Əziz Nesin, Çingiz Aytmatov, Olyas Süleymenov, R.Taqor, E.Heminquey, F.Fellini, V.Mayakovski, D.Şostakoviç, K.Simonov, Y.Yevtuşenko və başqaları haqqında yazılar). Türkiyə, İran, İraq, Fransa, ABŞ səfərlərini ( «Gəzməyə qürbət ölkə», «Fransa mayı», «4 ay Türkiyədə», «Qürbət mənim içimdə», «Xəzərdən Xəzərə», «Təbrizin yolları dolamba dolan», «Durna yolu») oçerklərində işıqlandırmış, Azərbaycanın çeşidli guşələrindən «Qədim Gəncə,yeni Gənə», «Qarabağ şikəstəsi», «Naxçıvan naxışları», «Şəki şənliyi» adlı yol yazılarında bəhs etmişdir.
Ən qədimlərdən bu günə qədər Azərbaycan ədəbiyyatına, musiqisinə, təsviri, tətbiqi sənətinə, memarlığına, teatr və kinosuna, mətbuatına, elminə, tarixinə həsr olunmuş yazıları toplanmış üç cildlik «LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana» kitabı rus dilində nəşr olunmuşdur. Bakıda çap olunmuş iki cildlik «Min beş yüz ilin oğuz şeiri» və Ankarada nəşr edilmiş «Min ilin yüz şairi» antalogiyalarının tərtibçisidir. «Dədə Qorqud ensiklopedyiyası»nın təşəbbüskarı və Ön söz müəllifidir.
Qarabağla bağlı əsassız erməni iddiaları başlanandan bəri Azərbaycan Yazıçılar təşkilatı xalqımızın haqq səsini dünyaya çatdırmaqçün ardıcıl fəaliyyət göstərmişdir. Bu məsələylə bağlı Moskvaya Qorbaçova ilk müraciətlər Azərbaycan yazıçıları tərəfindən göndərilmişdir. Anarın yazdığı bu məktublara Azərbaycanın ən nüfuzlu qələm sahibləri imza atmışlar. Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan KP Mərkəzi Komitəsinin Plenumlarında, SSRİ Ali Sovetinin iclaslarında, Xalq deputatları qurultaylarında, Moskva və Türkiyə mətbuatında TV kanallarında dəfələrlə çıxış edən Anar Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqçün əlindən gələni əsirgəməmişdir. 90-cı ilin Qara yanvar faciəsi, Xocalı soyqırımı haqqında Moskva və dünya mediasına ilk xəbərlər Yazıçılar Birliyi tərəfindən çatdırımışdır. Bu məsəlləri Anar Qorbaçovla şəxsi görüşləri zamanı da qaldırmışdır.
«Əsrin əsiri» və «Plennik veka» kitabalarında Moskvada, Leninqradda (Peterburqda), İstanbulda, Ankarada, İzmirdə, Antalyada, Vaşinqtonda, Parisdə, Starsburqda, Berlində, Drezdendə, Jenevrədə, Venada, Budapeştdə, Şimali Kipr türk respublikasında, Bağdadda, Tehranda, Təbrizdə, Tbilsidə, Alma-Atada, Astanada, Bişkekdə, Düşənbədə, Qazanda müxtəlif ədəbi, ictimai-siyasi tədbirlərdə, toplantılarda çıxışları, siyasi mövzularda məqalələri, müsahibələri, 1990-cı ilin Qara yanvar müsibəti, Xocalı faciəsi, helikopter qəzasıyla bağlı ağrılı yazıları («Şəhidlər dağı», «Musibət», «Toprağı vətən edənlər» və s.), Amerika Universitetində oxuduğu mühazirə - «Azərbaycançılıq haqqında düşüncələr», xalqımızın bədxahlarına cavabları, həbs edilənlərin müdafiəsinə aid məktub və müracitələri toplanmışdır.
Anarın səkkiz pyesi; «Keçən ilin son gecəsi», «Qaravəlli», «Adamın adamı», quruluşunu Tofiq Kazımov verdiyi və Azərbaycanın Dövlət mükafatına layiq görülmüş «Şəhərin yay günləri» tamaşası, «Səhra yuxuları», «Sizi deyib gəlmişəm», «Təhminə və Zaur», «Telefon gecələri» Milli Akademik dram teatrında və Azərbaycanın bütün Dövlət teatrlarında səhnəyə çıxmış, «Zəncir» («Qaravəlli») Moskvada, Miniatür teatrında, «Təhminə və Zaur» İstanbulda, Bələdiyyə teatrında, «Səhra yuxuları» Moldaviyada, Kişinyovun Akademik dram teatrında, «Şəhərin yay günləri»Tatarstanda, Qazanda Kamal adına dövlət dram teatrında, «Zəncir» Polşada, Poznan şəhərində, «Telefon və üçü» (Anarın hekayəsi əsəsında bolqar dramaturqunun yazdığı pyes) Bolqarstanda, Razqradda, «Şəhərin yay günləri» Qırğızstanda, Türkmənstanda, Ermənstanda tamaşya qoyulmuşdur. «Qaravəlli» pyesi əsasında özbək bəstəkarı Kələntərovun yazdığı musiqili komediya Daşkəndin Mukimi adına teatrında oynanmışdır.
Fikrət Əmirovun Azərbaycanın Dövlət mükafatına layiq görülmüş «Nəsimi dastanı» baletinin, Vasif Adıgözəlovun
«Aldın payını, çağır dayını» musiqili komediysının librettosu Anarındır. V.Şekspirin Akademik Milli dram teatrında tamaşaya qoyulmuş «Fırtına» pyesini dilimizə çevirmişdir. A.Blokun, V.Mayakovskinin, S,Yeseninin və B.Pasternakın (Pasternakı dilimizə ilk dəfə Anar çevirib) şeirlərini, eləcə də başqa rus və dünya şairlərinin əsərlərini, müxtəlif epoxalara aid nəsr mətnlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Anarın ssenariləri əsasında 15 tammetrajlı bədii film çəkilmişdir. («Torpaq.Dəniz.Od.Səma», rejissoru Şamil Mahmudbəyov, «Gün keçdi», rejissoru Arif Babayev, ilk iki seriyalı Azərbaycan filmi «Dədə Qorqud», rejissoru Tofiq Tağızadə, «Ötən ilin son gecəsi», «İmtahan» rejissoru Gülbəniz Əzimzadə, «Əlaqə» rejissoru Cahangir Zeynalov, «Təhminə», «Otel otağı», rejissoru Rasim Ocaqov, «Cavid ömrü», «Sübhün səfiri» rejissoru Ramiz Həsənoğlu). "Dantenin yubileyi» filmini öz ssenarisi əsasında Anar özü və Gülbəniz Əzimzadə çəkmişlər, iki seriyalı «Üzeyir ömrü» və iki seriyalı «Qəm pəncərəsi» filmlərinin həm ssenari müəllifi, həm quruluşçu rejissoru Anardır. Bir sıra televiziya tamaşalarının, filmlərinin və sənədli filmlərin də ssenari müəllifidir. («Evləri köndələn yar». «Nigarançılıq», «Bu - Səttar Bəhlulzadədir», «Bu - Cavaddır», «Daş saatın səsi», «Dədə Qorqud dünyası», «Çinar ömrü» və s.)
Əsərləri ölkəmizdən kənarlarda da kinematoqrafçıların diqqətini çəkmişdir.«Mən, sən, o və telefon» hekayəsi əsasında «Mosfilm»də «Hər axşam 11də» filmi çəkilmişdir (ssenari E.Radzinski, rejissor S.Samsonov). Bu hekayə əsasında Türkiyədə də bədii film çəkilmişdir. Türkiyədə «Dantenin yubileyi» povesti əsasında «Aktyorun əsgisi» adlı bədii film çəkilmişdir. Moskva Mərkəzi televiziyası «Mən, sən, o və telefon» hekayəsini və iki müxtəlif quruluşda «Keçən ilin son gecəsi» hekayəsini (birində Həmidə xala rolunu Fadeyeva, o birində Dobrjanskaya ifa etmişlər) ekranlaşdıraraq 1-ci proqramla nümayiş etdirmişdir. Bu telekanalın 1-ci proqramıyla Moldaviya Dövlət teatrının «Səhra yuxuları» tamaşası da göstərilmişdir. Tallin televiziyasının ekranlaşdırdığı «Dantenin yubileyi» tamaşasında Kəbirlinski rolunu SSRİ Xalq artisti Yuri Yarvet ifa etmişdir.
Anar əsasən Azərbaycan dilində yazır, amma bəzi mətnləri rus dilində qələmə alıb («Noçnıe mısli» -«Gecə düşüncələri», «Pravo na jizn»-«Yaşamaq haqqı», bir çox esseləri, ədəbi-tənqidi məqalələri), bir neçə əsərini rus dilinə özü çevirib ( «Kontakt» - «Əlaqə» povesti, «Mən,sən, o və telefon» hekayəsi, "Şəhərin yay günləri”, «Səhra yuxuları» pyesləri)
Yazıçı haqqında Bakıda Azərbaycan və rus dillərində onlarla kitab, Türkiyədə, Rumıniyada da kitablar nəşr olunmuşdur. Onun yaradıcılığına Azərbaycanda, Türkiyədə, İranda, Moskvada, MDB, Avropa və ərəb ölkələrində ümumi sayı yüzlərlə ölçülən məqalələr, retsenziyalar, dissertasiya və monoqrafiyalar həsr edilib.
Rejissor Ramiz Həsənoğlu müxtəlif illərdə Anara həsr olunmuş iki televiziya filmi çəkmişdir («Anarla üz-üzə» və «Anarlı anlar») Anarın altı il müddətində AzTVdə apardığı «Poeziya» verilişində qədimlərdən günümüzə qədər Azərbaycan, türk və türkmən şeirinin görkəmli nümayəndələrinin yaradıcılığı işıqlandırılıb.
Anarın sözlərinə Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələmişlər.Toğrul Nərmanbəyov yazıçının altı, Tahir Salahov beş portretini, Həsən Haqverdiyev və Nəcəfqulu dostluq şarjlarını, İsmayıl Məmmədov qrafik şəklini çəkmiş, Fuad Salayev və Vaqif Rəhmanov büstlərini düzəltmişlər. Əlibəy Hüseynzadənin Parisdə yaşayan oğlu Səlim Turan «Mən, sən, o və telefon» hekayəsi mövzusunda çəkdiyi şəkli yazıçıya hədiyyə göndərmişdir. Anar Eldar Quliyevin «Var olun qızlar» bədii filmində rejissor rolunda çəkilmişdir.
Əmək fəaliyyətinə 1960-ci ildə Nizami müzeyində başlayan, 61-62ci illərdə radioda çalışan Anar Moskvada təhsil alandan sonra yenə bir müddət radioda işləmiş, 1968-ci ildə isə "Qobustan” incəsənət toplusunu yaratmış və 19 il ərzində onun Baş redaktoru olmuşdur. 1987-ci il iyunun 18-də Azərbaycan Yazıçılar İttifaqının rəhbəri seçilmiş və 28 ildir ki, bu vəzifəni daşıyır. SSRİ Yazıçılar Birliyinin katibi və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi seçilmişdir. Bir müddət ictimai əsasla Azərbaycan Teatr Xadimləri Cəmiyyəti Sədrinin birinci müavini vəzifəsində işləmişdir. Azərbaycanın Asiya və Arfrika ölkələriylə həmrəylik Komitəsinin rəhbəri və SSRİ həmrəylik Komitəsinin sədr müavini olub.
1993-cü ildə yeddi ay ( fevral-may, sentyabr-dekabr), iki semestr İstanbulda Memar Sinan Universitetində Azərbaycan ədəbiyyatından dərs demişdir. İki qitənin ictimai xadimlərini bir araya gətirən Dialoq Avrasiya platformunun ilk Başqanı seçilmiş, sonra bu təşkilatın Fəxri Başqanı olmuşdur. Bir dönəm «Sərhədsiz söz» beynəlxalq Yazıçılar təşkilatının sədri olmuşdur.
1987-ci ildə Azərbaycan SSR Ali sovetinin deputatı seçilmişdir. 1989-1991 ci illərdə SSRİ Xalq deputatı və SSRİ Ali Sovetinin üzvü olmuşdur. 1995-2005-ci illərdə Azərbaycan Respubilkası Milli Məclisinin deputatı, məclisin daimi Mədəniyyət Komissiyasının və Azərbaycan -Türkiyə dostluq qrupunun rəhbəri olmuşdur. Sədrlik etdiyi komissiya mədəniyyətimiz, dilimiz, tarixi abidələrimiz, kitabxanalar və muzeylər, teatr və kino haqqında 15 vacib qanun hazırlamış və Məclisdə təsdiq etdirmişdir. Anarın təklifiylə və sədrliyiylə İçəri şəhərin qorunmasıyla bağlı Komissiya yaradılmış və bir sıra mühüm qərarlar qəbul edilmişdir. Türkiyəylə bağlı da bir sıra əhəmiyyətli tədbirlər və görüşlər həyata keçirilmişdir.
Anara Müstəqil Azərbaycanın Milli Məclisinin ilk toplantısını açmaq və aparmaq şərəfi nəsib olmuşdur. Sovet dövründə Azərbaycan KP Mərkəzi Komitəsinin, Bakı Komitəsinin üzvü, Azərbaycan və Ümumittifaq partiya Qurultaylarının və Konfranslarının nümayəndəsi seçilmişdir. SSRİ Yazıçılarının, SSRİ Teatr xadimlərinin, SSRİ kinematoqrafçılarının Ümumittifaq qurultaylarının nümyəndəsi olmuş, SSRİ Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir. Lenin və Dövlət mükafatları üzrə Komitənin üzvü, Azərbaycanın dövlət mükafatları Komitəsi sədrinin müavini olub.
Azərbaycanın Konstitusiya komissiyasının üzvü, Azərbaycan Ensiklopediyası Baş redaktorunun müavinidir.
Dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi haqqında Ulu Öndər Heydər Əliev tərəfindən dəstəklənən təklifi irəli sürmüşdür. Latın əlifbasıyla kitabların nəşri haqqında təklifi hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamı ilə həyata keçirilmişdir. Mötəbər toplantılarda, ən yüksək səviyyədə dəfələrlə türk xalqlarının Yunesko tipli təşkilatının yaradılması fikrini irəli sürmüşdür. (Sonradan bu təklif Türksoyun yaradılması ilə həyata keçdi)
Anar Azərbaycanın yüksək ordenləriylə - «İstiqlal» və «Şərəf» ordenləriylə təltif edilmişdir. Azərbaycanın ən yüksək Heydər Əliyev mükafatının, habelə Dövlət mükafatının, «Humay» mükafatının laureatı, Prezident təqaüdçüsü, Əməkdar İncəsənət xadimi, Xalq yazıçısıdır. Professordur, Nizami adına ədəbiyyat institutunun, Nəsimi adına Dilçilik institutunun, bir neçə Türkiyə üniversitetlərinin fəxri doktorudur. Türkiyənin və Balkan ölkələrinin bir sıra nüfuzlu ödüllərinə layiq görülmüşdür. «Zəncir» («Qaravəlli») pyesi və tamaşası SSRİ-nin Ümumittifaq komediya müsabiqəsinin mükafatına layiq görülmüşdür.
Anar 2012-ci ildə Türk dünyasında ilin ədəbiyyat adamı, 2014-cü ildə türkdilli ölkələri Yazıçılar Birliyinin ilk sədri seçilmişdir. 2014-cü ildə MDB ölkələri Parlament Assambleyası Anarı Çingiz Aytmatov mükafatına layiq görmüşdür.
Ailəlidir. Həyat yoldaşı Zemfira Səfərova musiqişünas, Azərbaycanda müsiqi mənbəşünaslığının banisi, sənətşünaslıq doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm və Əməkdar incəsənət xadimidir. MEA nın Memarlıq və İncəsənət institutunun Musiqi tarixi şöbəsinin müdiridir.
Oğulları Tural Rzayev Azərbaycanın Küveytdə Fövqəladə və səlahiyyətli səfiridir. Yazıçılar Birliyinin üzvüdür, Bakıda Tural Anaroğlu imzasıyla çıxan hekayələr kitabının və Türkiyədə, Küveytdə dövrü mətbuatda dərc olunmuş məqalələrin müəllifidir.
Qızları Günel Rzayeva yazıçı, publisistdir, bir neçə populyar jurnalın («El», «Pəncərə», «Ölkəm») əsasını qoymuş və baş redaktoru olmuşdur. Günel Anarqızı imzasıyla çıxan kitabları Bakıda Azərbaycan və rus dillərində, habelə Türkiyədə, Macarstanda nəşr olunmuş, hekayələri rus, ingilis, fransız, alman, polyak dillərinə çevrilmişdir. Turalın Rəsul və Anar adlı iki oğlu, Günelin Deniz və Sezen adlı iki qızı var.
Anarın bir bacısı Fidan Rzayeva Dövlət Universitetində ərəb dili müəllimidir, ərəbcədən, ruscadan və Türkiyə türkcəsindən tərcümələri var. (O cümlədən Xalidə Ədibin «Atəşdən köynək» romanını çevirmişdir). Kiçik bacısı Təranə Rzayeva Pedaqoji Universitetdə ingilis dili müəllimi işləmişdir.Fidanın Aysel adlı bir, Təranənin Nigar və Bayaz adlı iki qızı var.
2008-ci ildə Anarın yetmiş illiyi, 2013-cü ildə yetmiş beş illiyi Bakıda (Üns teatrında), Moskvada (Mərkəzi Ədəbiyyatçılar evində), İstanbulda, Ankarada, Şimali Kipr Türk Respublikasında, Buxarestdə, Tbilisidə, Qırğızıstanda geniş qeyd edilib.