XXI ƏSRİN İLK NİKBİN ŞERİ
Keçib getdi, min il, yüz il; Keçib getdi, on il, son il. Keçib gedir son ay, son gün, son dəqiqə, son saniyə. Əsim-əsim əsir səsim,
Axı əsir səsim niyə? Mən əsrimin əsiriyəm, Mən əsrimin əsəriyəm.
Yaxşım, pisim - Fikirlərim, duyğum, hissim, Ömrüm-günüm, əsərlərim, əsəblərim,
Ağrılı-acılı sirlərim, - Nəyim yoxdur, nəyim vardır - Bu yüz ildən yadigardır. Tərk edirəm diri-diri
İyirmini - İki mini. Tərk edirəm vətən kimi Ümidimi, diləyimi
yeni əsrə daşıyıram, - Düşmənlərin acığına yaşamışam, yaşayıram. İyirmi bir - yeni vətən, Min illərin sərhəddini mən aşacam.
Yaşamışam, yaşayıram, yaşayacam.
|