Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlamış, ilk qələm təcrübələrini 1952-ci ildə Şuşada etmişdir. 1960-cı ildə "Azərbaycan" curnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələridir. 1964-cü ildən Yazıçılar İttifaqının, habelə Kinematoqrafçılar, Curnalistlər və Teatr xadimləri ittifaqlarının üzvüdür.

Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.

"Ağ liman" povesti Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda(1972), Bolqarıstanda(1973), Türkiyədə(1991), Özbəkistanda(1978), Qazaxıstanda(1976), "Beşmərtəbəli evin altıncı mərtəbəsi" Moskvada (1980, 1988), iki dəfə, müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında(1979), Almaniya Federativ Respublikasında(1989), Çexoslavakiyada (1980-cı ildə çex, 1984-cü ildə slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997), "Əlaqə" povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda(1982), Almaniyada (1986), Fransada(1995), Estoniyada(1981), "Dantenin yubileyi" üç dəfə Moskvada, Estoniyada(1975), Bolqarıstanda(1973), Tacikistanda(1977), "Dədə Qorqud" Moskvada (1980, 1988), İranda- böyük tiraclarla, nəfis şəkildə çap olunmuşlar. "Mən, sən, o və telefon" hekayəsi Moskvada "Nedelya" həftəliyində dərc olunandan sonra, ABŞ-da, Kanadada, Yaponiyada, Finlandiyada, ərəb ölkələrində və bir sıra başqa ölkələrdə çap olunmuşdur.

Bir sıra başqa hekayələri, pyesləri, məqalələri də ("Keçən ilin son gecəsi", "Asqılıqda işləyən qadının söhbəti", "Gürcü familiyası", "Yaxşı padşahın nağılı", "Molla Nəsrəddin-66"), "Qaravəlli", "Təhminə və Zaur" Moskvanın dövri mətbuatında, Türkiyə curnallarında, Almaniya, Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan dövri mətbuatında, Hindistanda və keçmiş SSRİ-nin bütün respublikalarında nəşr olunmuşlar. Jəlil Məmmədquluzadəyə aid "Anlamaq dərdi" essesi A.Tvardovskinin zamanında "Novıy mir" curnalında dərc olunmuşdu.

Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulmuşdur. Akademik Dövlət Dram Teatrında beş pyesi ("Şəhərin yay günləri", "Adamın adamı"(bu pyesin quruluşçu rejissoru da Anarın özüdür), "Səhra yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə və Zaur"), Gənc Tamaşaçılar Teatrında "Keçən ilin son gecəsi", Kukla Teatrında "Qaravəlli" tamaşaya qoyulmuşdur. "Şəhərin yay günləri", "Adamın adamı", "Təhminə və Zaur" Azərbaycanın bir sıra şəhər və rayon teatrlarının səhnələrində oynanılıb. Anarın pyesləri Moskvada Miniatür Teatrında, Kazanın, Kişinyovun Akademik Dövlət Teatrlarında, Daşkənddə Mukimi teatrında, habelə Polşada, Bolqarıstanda, Ermənistandan, Türkmənistanda, Qırğızıstanda, Rusiya şəhərlərində də oynanılıb. Moskvanın Mərkəzi televiziyası "Mən, sən, o və telefon" hekayəsini və iki dəfə, müxtəlif quruluşda "Keçən ilin son gecəsi" hekayəsinin səhnələşdirərək birinci proqramla nümayiş etdirmişdir.
Rusiyanın "Mosfilm" kinostudiyasında "Mən, sən, o və telefon" hekayəsinin motivləri üzrə "Hər axşam 11-də" bədii filmi çəkilib.

Anar onbir bədii filmin ("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qoqud"- ilk iki hissəli Azərbaycan filmi, "Dantenin yubileyi", "Üzeyir ömrü", "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "İmtahan", "Əlaqə", "Təhminə", "Otel otağı"), bir neçə sənədli və televiziya filminin ("Dəniz", "Qobustan", "Daş saatın səsi", "Qədim Gəncə-Yeni Gəncə", "Bu-Səttar Bəhlulzadədir", "Bu-Javaddır", "Dindirir əsr bizi", "Evləri köndələn yar") ssenari müəllifidir. "Dantenin yubileyi" filminin habelə iki hissəli "Üzeyir ömrü", və "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.

Anarın bir neçə şeri də var. Sözlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Javanşir Quliyev mahnılar bəstələmişlər.

Şekspirin "Fırtına", B.Brextin "Qalileo Qaliley" pyeslərini, R.Taqorun "Bağban" mənsur şerlərini, A.Blokun,V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirmişdir.

Anar 1970-72-ci illərdə Bakıda və Moskvada Rejissor emalatxanasında oxuyaraq kino rejissoru diplomu almışdır.

Bir sıra xarici ölkələrdə Anarın onlarla müsahibəsi, Anar və onun əsərləri haqqında yüzlərlə məqalələr, resenziyalar çıxmışdır. Onun haqqında S.Bəşirovun "Anar" adlı monoqrafiyası (1994), Nurlana Əliyevanın "Anar-şəxsiyyət və sənətkar" adlı kitabı nəşr olunmuş, haqqında iki hissəli "Anarla üz-üzə" televiziya filmi çəkilmişdir.

Anar Azərbaycanda və bir sıra xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlərdə- simpoziumlarda, konqreslərdə, konfranslarda, seminarlarda, qurultay və yubileylərdə iştirak, çıxış və məruzələr etmişdir. Ankarada Türk Dünyası Yazıçılarının I (1992) və II (1994) Qurultaylarında çıxış etmiş, bu qurultayların bir sıra mühüm sənədlərinin hazırlanmasında iştirak etmiş, 1996-cı ildə Bakıda Türk Dünyası Yazıçılarının III Qurultayını giriş sözü ilə açmışdır.

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin Sədri seçilmişdir.

1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

2014 cü ildə Yazıçıların XII Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.