N İ G A R R Ə F İ B Ə Y L İ N İ N Ş E R L Ə R İ ANARA DURNA HƏBİBƏYƏ DÜŞÜNCƏLƏR BAHAR NƏĞMƏSİ AYRILIQ İSMAYIL ƏFƏNDIYEVIN XATIRƏSINƏ QƏZƏL DƏNİZİN SƏSİ GƏLİR DAĞLAR NEYLƏYİM YAXŞI YOL SƏNSİZ MƏTBƏX ŞERLƏRİ DAĞLARI DUMAN ALANDA ƏLVİDA
ANARA
Hicranın ağırdır, dözə bilmirəm, O uca dağlardan en gəl, Anarım! Körpə ayaqların yaman yorulub, Sinəmin üstündə dincəl, Anarım.
Sənsiz nə gecəm var, nə də gündüzüm, Sən gedəndən bəri gülməyib üzüm, Gəl uzun kiprikli körpəcə quzum, Anarım, Anarım, gözəl Anarım!
Sən ceyran gözlüsən, çatmaqaşlısan, Tayın-tuşun yoxdur, yar-yoldaşlısan, Bəlkə məndən ayrı gözü yaşlısan, Olmuş bu ayrılıq əngəl, Anarım!
Dağların sinəsi lalə, bənövşə, Yaylaqlar qonağı ol sən həmişə, Qoyma bu daqlara bir xəzan düşə, Tökülə yollara xəzəl, Anarım!
DURNA
Mən yuxuda durna oluram gecələr, Çırpıb qanadlarımı yerdən üzülürəm. Geniş-geniş havalarda səf çəkən Durnaların qatarında düzülürəm. Uçuruq uça bildikcə, Uçuruq diyar-diyar... Uçuruq - qəlbimizdə Torpaqdan aldığımız Ən şirin, Ən incə, Ən sevimli arzular.
Uçuruq uça bildikcə... Bizə həsrət qalan ellərə Qanad salırıq, Uca-uca dağların başında Əylənib qonaq qalırıq. Torpağın ətrini aparırıq Ulduzların aləminə. Həyat səsi qatırıq Göydə soyuq-soyuq işıqlanan ayın yalqızlıq qəminə. Səhər şəfəqlər oyadır məni. Sevinə-sevinə durub Qalxıram ayağa: Sonra bütün günü Nə həvəsim olur, Nə macalım, Bir də yerdən üzülüb durna olmağa.
HƏBİBƏYƏ
Gənclik şəklimə baxdın - Nə gözəldin, nə incəydin, - dedin. Fikrə daldın. Gözlərin doldu. - Niyə ağlayırsan, - dedim. Şükür Allaha, ölməmişəm ki... Dinmədin. Gözlərinin inci yaşı Damla-damla töküldü yanağından... Anlayırdım, sən gözəlliyin, incəliyin, bir də əbədi olaraq ötüb-keçən gəncliyin ölümünə ağlayırdın... 13 aprel, 1963
DÜŞÜNCƏLƏR
Ağır düşüncələr içindəyəm bu axşam, Bilmirəm, ömrümü düzmü, əyrimi yaşamışam. Ömür keçdi axıb gedən sular kimi. Əsib keçdi sevinclərim bir qanadsız rüzgar kimi. İndi ağır düşüncələr içindəyəm, Bilmirəm kiməm nəyəm? Ey mənim gəncliyimi xatırladan, təzə qız, bu sözləri səninçün yazır titrəyir əlim, Yazır ki, sən heç zaman, ey ağıllı gözəlim, Olmayasan mənimtək dünyada yapyalqız. Saçına dən düşəndə ömrünün budağından bir yarpaq salmayasan. Belə həzin axşamlar ağır-ağır fikirlər bəhrinə dalmayasan.
BAHAR NƏĞMƏSİ
Yaşıllanır çöllər, oyanır torpaq, Bəzənir gəlintək hər dərə, hər dağ, Ruhuma bir adət olur çırpınmaq. Məhəbbətim səndə, könlüm səndədir, Bahar nə nazəndə, nə nəzandədir.
Gah yoluna çıxdım, gah yola saldım, Gah intizar çəkdim, həsrətdə qaldım. Qışda sorağını uzaqdan aldım, Dedim əmanətim, eşqim səndədir, Bahar nə nazəndə, nə nəzandədir.
Xoş nəğmələr qoşdum sənin adına, Saf bir nəfəs kimi çatdın dadıma. Bir həzin axşamda düşsəm yadına Bil ki, məhəbbətim, könlüm səndədir, Bahar nə nazəndə, nə nəzandədir.
AYRILIQ
Mən ki, doymamışdım heç vüsalından, Mənə zülm elədi yaman ayrılıq. Nə olardı bir gün durub yuxudan Görəydim ki, olub yalan ayrılıq...
Biz ki, bir ruh idik iki bədəndə, O gülüb-sevinsə gülərdim mən də, Vüsalın bülbülü uçub gedəndə, Daş kimi gəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların bahar elinə? Mehriban sözünə, şirin dilinə, Cananın sazını alıb əlinə Əğyar mizrabıyla çalan ayrılıq.
Mən görəndə orda yaz səhəriydi, Xoş nəfəs baharın küləkləriydi, Açılan ağ badam çiçəkləriydi, İndi onlardımı solan, ayrılıq!
Gün çıxar, dağların əriyər qarı, Pozulmaz dostların əhdi, ilqarı, Keçər ürək dərdi, könül qubarı, Gəl etmə meydanda cövlan, ayrılıq!
İSMAYIL ƏFƏNDIYEVIN XATIRƏSINƏ
Hərdən gülüşün düşür yadımaə Hərdən gəmin, məlalın, Hər şeyi sezə bilən, Hər şeyə dözə bilən Qəlbin, pərişan halın. Sakit axan sular kimi axıb getdin. Dostlarının ürəyində ağrı buraxıb getdin. Yenə gələcək bahar, Yenə çiçək açacaq çəmən. Budaqlardan sallanacaq salxım-salxım yasəmən. Quşlar qatar-qatar qürbətdən vətənə dönəcək. Günəş yenə dənizdən doğacaq, dağların dalında sönəcək. Ağ göyərçin balası kimi çırpınan kiçik qizin sevgilisinin sinəsinə yaslanıb isti göz yaşları tökəcək səninçün. Yanıb ağlayacaq için-için. Sonra həzin bir təbəssümlə Qaldıracaq başını, siləcək göz yaşını. Yenə dünyada vüsal olacaq, Olacaq acı hıcran. Bircə sən dönməyəcəksən. Dönməyəcəksən getdiyin əbədi yoldan...
QƏZƏL
Könlün yenə min dərdinə bir çarə tapılmaz, Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.
Axşam qızaran göylərə endikdə qaranlıq, Könlüm evini yandıran odlarə tapılmaz.
Bir incə gülün, bir çiçəyin aşigiyəm mən, Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.
Çıxdım gecələr seyrinə ahəstə o mahin, Gördüm ürəyimtək alışan narə tapılmaz.
Aşiqlərə sordum, dedilər: ey qəmi-pünhan, Gizlin yaradan ağrısı çox yarə tapılmaz.
Min tən eyləyib eşqinə öldürdü Nigarı, Bilmirəm necə oldu, o gözü qarə, tapılmaz.
DƏNİZİN SƏSİ GƏLİR
Unutmaq istəyirəm xatirələri, Dənizin səsi gəlir... Unutmaq istəyirəm Qəlbimin sınıq məhəbbətini, İztirablı bir eşqin hekayətini. Unutmaq istəyirəm Acı-şirin xatirələri, Dənizin səsi gəlir. Dəniz, sevdalı dəniz, Əfsanələr kimi şirin, xəyali dəniz, Sevmişəm dalğalarında, Günəşində yanmışam. Qumlu sahillərini Yalınayaq gəzib dolanmışam. Məhəbbətim sənə bağlı, dəniz. Sinəsi sinəm kimi Hicran dağlı dəniz. Unutmaq istəyirəm Sahilində şirin yuxular kii keçən Həzin axşamları, Günəşli səhəri, Unutmaq istəyirəm Yandırıb-yaxan xatirələri, Dənizin səsi gəlir...
DAĞLAR
Mən sizi bir daha görə bilməsəm, Xatirəmi əziz saxlayın, dağlar, Döşünüzdən lalə dərə bilməsəm, Siz məni aranda yoxlayın, dağlar... Uca başınızdan külək göndərin, Məxmər döşünüzdən çiçək göndərin, Buluddan bir bəyaz örpək göndərin, Matəm yaylığını bağlayın, dağlar... Mən ki, çox sevərdim dağ havasını, Sevən ürəklərin xoş sevdasını, Bir qərib gəlinin tutub yasını, Dost üçün doyunca ağlayın, dağlar.
NEYLƏYİM
Ala gözlüm, səndən ayrı gecələr Bir il kimi uzun olur neyləyim? Bağçamızda qızılgüllər hər səhər Tezdən açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda, Bənövşələr baxıb qəmgin olanda, Gərənfilin gözü yolda qalanda Yasəmən saçını yolur, neyləyim?
Əsən ruzgarın da yoxdur vəfası, Düşmüşdür başına özgə sevdası. Lalənin çırılıb qəmdən yaxası, Saçları pərişan olur, neyləyim?
Bəlkə tez gələsən əlac verəsən, Sünbülün saçını yığıb hörəsən, Əlvan çiçəkləri özün dərəsən, Gözləri yollarda qalır, neyləyim?
Çəkir çiçəklərin gözü intizar, Ayrılıqdan betər dünyada nə var, Bu bahar axşamı səni bax, Nigar Həzin-həzin yada salır, neyləyim?
YAXŞI YOL
Yerdən gurultuyla qopub qalxan Təyyarələrin dalınca Baxa-baxa qaldım. Uzaq dənizlərdə Böyük gəmilərlə səni yola saldım. Stansiyalardan ayrılıb gedən Qatarların arxasınca Kövrəlib ağladım. Həmişə sabaha, vüsala Ümid bağladım. Havalar geniş, Dəryalar dərin, Nələr görür sənin işıqlı gözlərin... Sən gəzməyi sevirsən, Otu, çiçəyi sevirsən. Şimşəkli, ildırımlı Tufanları sevirsən; Namuslu, mərd, Alnıaçıq İnsanları sevirsən; Cənubda yaz yağışını sevirsən, Şimalın garlı qışını sevirsən. Küləyi, tufanları sevirsən; Yaşıl budaqlı, ağ çiçəkli Baharı sevirsən. Yaxşı yol sənə, Uğurlar olsun, Hara gedirsən get, Mənim dərya səbrimi qurtarma. Hara gedirsən get, Mənim Vətənə bağlı ürəyimi Getdiyin uzaq yollara Aparma, əzizim, aparma...
SƏNSİZ
Bir son bahar da düşdü ömrümün təqvimindən, Nə sənə məhəbbətim, nə həsrətim azaldı. Özüm də heç bilmirəm niyə bir ömür boyu Gözüm uzaq yollarda - sənin yolunda qaldı. Bir qocaman dağ olsan səni vurub yıxardım. Ürəyimdən ən incə teli necə qopardım? Dünyada gözəl də çox, gözəl ürəklər də çox. Şirin-şirin arzular, incə diləklər də çox. Bir sən oldun könlümün yaxın dostu, həmdəmi. Sən olmazsan tutmazdı bəlkə əlim qələmi. Sən olmazsan baharın yazın ətri olmazdı. Sən olmazsan bir dünya sevinc belə çox azdı. Baharın çiçəkləri açıb solmasın sənsiz. Ömrüm sənsiz olmasın, şerim olmasın sənsiz.
MƏTBƏX ŞERLƏRİ
Qadın olmasaydım əgər, Qazanların, qabların, Nimçələrin, çömçələrin aləmindən qaçardım, Səhəri dəniz qırağında qayaların üstündə açardım... Ciyərlərim dolusu nəfəs alardım dəniz havasıyla, Baş-başa qalardım Sahillərinin gözə görünməyən səfasıyla. Sinəmi açardım səhər rüzgarına... Həzin-həzin, gilə-gilə nəğmələr qoşardım Abşeron dağlarına... Ürəyim bu mətbəx aləmində yaman darıxır, Mən Bir azca da şairəm axı.
II
Şeri gözələ yazarar, Baharda yaz çiçəklərinə, Payızda xəzələ yazarlar... Hicran ağrısına, Şirin vüsala yazarlar, hüsn camala yazarlar... Qazandan qalxan buxar, Dızıldayan samovar, Nədən şer olmasın?! Nədən şer olmasın Tərtəmiz su altında Yuyulub Ağapaq olan qablar?! Biri şit sevir, biri şor sevir, Biri bişmiş, biri çiy pomidor sevir... Birinin yeməyi yağsız gərək, Birinin xörəyi soğansız, sarımsaqsız gərək... Bütün günü yu, sil, bişir, düşür, Birinı qismətinə yüksək masa arxasında oturmaq, Birinin qismətinə qab-qacaq yumaq düşür... Nə zərər, Bəzən yüksək məclislərdən daha parlaq, daha təmiz olur Adi mətbəxlər... Ocaqda soğan qovrulanda göz qoymasam, yanıb kül olar... Xörəklərin də işi müşkül olar... Ocaq qabağında yanıb, yanıb kül olan, Könül aləmində İşləri müşkül olan aşpaza göz qoyan hanı? Göz qoyun, göz qoyun - Yanmasın xörəklərə ləzzət berən soğanı...
III
Güllü bir bağça da şer ola bilər, Adi bir mətbəx də... Bir çiçək, bir ocaq, bir hisli qazan, qalxıb çıxa bilər Sənətin oturduğu taxta... Şerin mövzuları gəlməz saya - Yalnız şair gözlərilə Baxılarsa bu dünyaya...
IV
Bir kiçik mətbəx pəncərəsindən İlin dörd fəslini görürəm... Yayın, qışın yazın, payızın əslini görürəm. Baharda Pəncərəm önündəki boylu-buxunlu Qovaq ağacı yavaş-yavaş puçurlayır, yarpaqlayır, yaşıl don geyinir. Meh əsir, budaqlar yavaşdan-yavaşdan deyinir... Yay olanda yırğalanır bütün cah-cəlalıyla, Payız küləkləri girənda qoynuna Saralır dərin gəmi, məlalıyla. Sonra qış gəlir, Ağac soyunur tamam... Elə bil çılpaq qalır Bərli-bəzəkli bir ilham... Ağac, bu çılpaq halıyla, Qəmi, məlalıyla Sinə gərir ayazlara, şaxtalara, Sağ-salamat çıxmaq üçün Əzablarla qözlədiyi bir bahara... Ürək geniş olarsa, xəyal dərin olarsa, Nə arzular ölər, nə fikir sönər... Könüldə bir işıq, bir atəş varsa, Balaca bir mətbəxdən də böyük bir dünya görünər... 1964
DAĞLARI DUMAN ALANDA
Dağları duman alanda, Gözüm yollarda qalanda, Yadıma sən düşəndə, Gül yanağım solmasınmı?
Əsən yellər, əsən yellər Sevgilimdən mənə xəbər. Solanda narın çiçəklər Gözüm yaşl dolmasınmı?
Bu yerlərdən keçməz oldum, Dost, düşməni seçməz oldum, Eşqimə and içməz oldum, Könlüm xarab olmasınmı?
ƏLVİDA
Əlvida, otağım, mavi dənizim, Əlvida, qumlarda görünən izim. Yollara tökülən xəzəl, əlvida, Soyuq təbiətli gözəl, əlvida. Dənizdən xoş əsən həzin rüzgarım, Sahilə düzülən qağayılarım, Suda qanad açan yelkən, əlvida... Sabah ayrılıram sizdən, əlvida... Görüşə gələndə hər yay, hər payız Sizi yenə belə xoşhal görəydim. Dünya sevınc ilə dolaydı yalnız. Hicran görməyəydim, vüsal görəydim. Baltik dənizinın qumlu sahili, Əlvida, xoş keçdi sizdə günlərim... Bir başqa sahilə gedirəm indi, Gözləyir həsrətlə məni Xəzərim. Salamlayır səni, Baltik dənizi, Dostluq salamıyla göygözlü Xəzər. Dəniz də dostlaşar, çay da dostlaşar, İnsanlar dünyada dost olsa əgər...
|