|
|
|
X U D A D A T B Ə Y R Ə F İ B Ə Y L İ Anarın ana babası Xudadat bəy Rəfibəyli 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri olmuşdur. 1918-ci ildə Gəncədə ilk müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Fətəli xan Xoyskinin hökümətində ilk Səhiyyə və Sosial Təminat Naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Xudadat bəy Gəncənin məşhur Rəfibəylilər nəslindəndir. Atası Ələkbər bəy Rəfibəyli- el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan «Difai» partiyasının yaradıcılarındandır.
Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk ali təhsilli cərrahlarındandır. O, Xarkov Tibb Universitetini(Ukrayna) bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və Həkimlər Cəmiyyətinin sədri kimi çalışmışdır.
"Söz verirəm ki, daxil olduğum silkin şərəfini qətiyyən ləkələməyəcəyəm…" Xarkov İmperator Universitetinin məzunu Xudadat bəyin dilindən fakultə andının bu təntənəli sözləri 1904-cü ilin baharında çıxmışdır. Buraxılış imtahanları arxada qalmışdı. Yenicə təqdim olunmuş diplomda deyilirdi ki, ona "bütün hüquqlar və imtiyazlarla birlikdə" həkim dərəcəsi verilirdi. İşə təyinat da vermişdilər- Xarkov untversitetinin qospital cərrahlığı klinikasında ştatdan əlavə ordinator işləməli idi.
1907-ci ildə o, təcrübəli həkim kimi Gəncəyə qayıtdı və Yelizavetpol şəhər idarəsinin təqdimatı ilə 6 nömrəli şəhər müalicəxanasının direktoru vəzifəsinə təyin olundu. Yaşlı adamlar xatırlayırlar ki, Xudadat bəy gəncəlilərin təkidi ilə daha sonralar şəhər qubernatorunun vəzifəsinin icrasına başlayandan sonra da həkimliyi yerə qoymadı. Onun yeganə şərti belə idi: günün birinci yarısında xəstələri müalicə edəcəm, qalan vaxtda isə quberniyanın işləri ilə məşğul olacağam…
Gəncədə elə həkimlər çox az idi ki, kömək üçün onlara gecə-gündüz müraciət etmək mümkün olsun. Əla cərrah olan Xudadat bəy çoxlu əməliyyat aparırdı. Çox vaxt xəstələri müalicə edərkən qabaqcadan bilirdi ki, onların həkimə verməyə pulu yoxdur. Kasıbın yanına gələndə isə nüsxə yazıb yanına qoyurdu ki, dərman alsın…
Xudadat bəy gənc yaşlarında "Yelizavetpol Tibb Cəmiyyəti" yaratmışdı və bu cəmiyyətin üzvləri Gəncə yoxsullarına pulsuz tibbi yardım göstərirdilər. Bəli, Xudadat bəy siyasi və ictimai xadim olmaqla yanaşı, eyni zamanda peşəsinə sadiq gözəl bir həkim idi. Və bu xeyirxah insanın şəfqətli əlləri bir çox insana şəfa bəxş etmişdi…
Xudadat bəy Azərbaycan Cümhuriyyətinin Səhiyyə və Sosial Təminat Naziri təyin edildikdən sonra onun bütün diqqəti Azərbaycanda səhiyyə ocaqlarının artırılmasına, epidemiya və digər xəstəliklərlə mübarizəyə həsr edildi. Onun göstərişi ilə ölkə ərazisində pulsuz müalicə göstərən bir neçə xəstəxana açıldı, kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin tikintisinə başlandı, ekspertizalar üçün labaratoriya təşkil olundu. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya yaradıldı…
Təəsüf ki, nəzərdə tutulan işlərin hamısını görmək mumkün olmadı. 1918-ci ilin dekabrında Xoyskinin höküməti istehfa verdi və Xudadat bəy ölkənin Səhiyyə və Sosial Təminat Naziri vəzifəsini tərk etdi.
Gəncə əhalisinin ciddi təkid və tələblərindən sonra 1919-cu ildə Xudadat bəy Gəncə quberniyasının general-qubernatoru vəzifəsinə təyin edildi. Gəncə quberniyası o illərdə heç də sakit bir əyalət deyildi. Kəndli çıxışları, əhalinin vahiməyə salan quldur dəstələrinin özbaşınalığı, heç bir hakimiyyəti tanımayan anarxist qrupların mənəm-mənəmliyi Gəncədə həyatın ahəngini pozurdu. Bir il sonra Sovet Ordusunun Azərbaycana müdaxiləsi zaman həbs edilən Xudadat bəy istintaq zamanı bunları demişdi: "Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki,əmin-amanlıq yaradım. Görülən tədbirlər nəticəsində bütün quberniyadan quldur dəstələri təmizləndi və ləğv olundu, onların bəzi başçıları öz ayaqları ilə gəldilər, məhkəmə tədqiqatına və istintaqa qədər pulla zaminə buraxıldılar. Nəticədə xeyli sakitlik yaramağa başladı".
1920-ci aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti quruldu. Aprelin 30-da Xudadat bəy Gəncə qeneral-qubernatorluğu vəzifəsindən istefa etdi. Onun qubernator kimi imzalamış olduğu axırıncı sənəd birlikdə işləmiş olduğu adamların hamısına müraciət idi. Xudadat bəy yazırdı:
"Bir ilə yaxın Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin qulluqçuları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətlərə və qeyrətlə işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm və ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini indən belə də vicdanla və səylə yerinə yetirəcəklər. Qubernator Rəfibəyov". Xudadat bəy 1920-ci il mayın 12-də həbs edildi. Gəncəlilər həyəcan içində idilər, şəhər qaynayıb qarışırdı. Rəfibəylinin Bakıya göndəriləcəyi dəmiryol stansiyasına minlərlə adam toplaşmışdı. Xudadat bəy başında silindr, əynində qara plaş, əlində əsa, həmişə olduğu kimi başını uca tutaraq və ətrafa boylanmadan üç nəfər silahli əsgərin müşayiəti ilə irəliləyirdi. Kimsə ona pul təklif etdi. Keçmiş qubernator onun əlini kənara edərək:
Təşəkkür edirəm, lazım deyil,- dedi.
İzdihamdan bir nəfər aralanaraq ona yaxınlaşdı. O dedi ki, Xudadat bəyi azad etməkdə gəncəlilərə kömək üçün Şəmkirdən 400 nəfər silahlı süvari dəstə gəlir. Bu sözləri eşidənlərin bir çoxunun gözləri yaşardı. Xudadat bəy isə belə cavab verdi:
Mən razı ola bilmərəm. Mənim adımı biabır etmək lazım deyil. Şəhərimizin, nəslimizin,mənim atamın adını bədnam etmək lazım deyil, qan tökmək lazım deyil. Məni heç nədə təqsirləndirə bilməzlər.
Burada mühafizəçilərə ermənilərin silahlı dəstələri də qoşuldu. Gəncəlilərin isə qabağını kəsib saxladılar. Qatar Bakıya yola duşdu…
Xudadat bəyi bir neçə maddə ilə mühakimə etdilər. Bunların arasında 298 sayılı iş üzrə erməni kəndərinin yandırılması və erməni əhalisinə divan tutulması da var idi. Əlbəttə, bu iftira idi və bu cinayət işi bir neçə erməninin yalan ifadələri əsasında qaldırılmışdı. Xudadat bəy Rəfibəyli özünü bu şəkildə müdafiə etdi: "Mənim barəmdə irəli sürülmüş ittihamda özümü təqsirkar hesab etmirəm. Sənədləri, əlimdə olan bütün subutları təqdim edə bilsəydim, aydın olardı ki, mən təqsirkar deyiləm".
Ona bu imkanı vermədilər… Ona son sözü də deməyə imkan vermədilər. 1920-ci il iyunun 1-də Xudadat bəyi tələsik, xəlvəti bir şəkildə Xəzərin kiçik bir adasına apardılar və güllələdilər. Mayın 20-də başlanmış 298 sayılı işi isə bağlamadan əbədi saxlanmağa göndərdilər…
O, 43 yaşında həlak oldu. Həyat yoldaşı Cəvahir xanım üç uşaqla qaldı. Ataları dünyadan köçən zaman Kamilin 11, Rəşidin 9, gələcəyin böyük şairəsi Nigar Rəfibəylinin isə 7 yaşı vardı… Və atasız qalan bu ailəni qarşıda həyatın necə ağır sınaqları gözləyirdi…
Xudadat bəy Rəfibəyli təqsirkar olmadığı haqqında bəraəti isə ölümündən 70 il sonra qazandı.
" Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyov barəsində PS-12663 sayılı cinayət işinə… cinayət tərkibin olmadığına görə xitam verilsin.
Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, 3-cü dərəcəli ədliyyə müşaviri M. Babayev 02 iyul 1990-cı il".
"Sahil" İAM @ 2002
|
|
|
|