Çevrə 8 il sonra qapandı. XII yüzildə Azərbaycanın söz zəfərləri qazanan ən böyük şairələri Gəncədə olmuşdu. Azərbaycanın və Şərqin ədəbiyyat tarixlərinə qələm zirvəsinə ucalanlar sırasında gəncəli Məshətiylə Rəziyyənin adları düşmüşdü. XX yüzildə Azərbaycanın ən şöhrətli qadın şairləri sırasında gəncəli Nigar Rəfibəyli boyu vüqarla ucaldı. Olsun ki, gün yetişəcək Azərbaycanda bir zamanlar şairlərə, sənət adamlarına fəxri adlar, titullar verilməsi gələcəklilərə gülməli, məntiqsiz görünəcək. Lakin hər halda bu seçdirmə XX yüzildə vardı və həmin əsr boyunca Azərbaycanın onlarca, yüzlərcə qadın şairi arasında dördcə nəfərə «xalq şairi» adını qazanmaq qismət oldu. İkisi Güney, ikisi Quzey Azərbaycandan.Cənubdan Mədinə Gülgün, Həkimə Billuriyə, Şimaldan - Mirvarid Dilbazi ilə Nigar Rəfibəyliyə.

Dördünün də taleyi çətin, yolları aşırımlı olub. Xüsusən Nigarınkı.

Dördü üçün də şairlik yalnız ürəyi boşaltmaq, qəlbindəkiləri sözə döndərmək imkanı yox, cəmiyyətdə mürəkkəb siyasi burulğanların tüğyan etdiyi bir mühitdə özünüxilas və özünütəsdiq girəvəsi olub. Dördü üçün də. Amma xüsusən Nigara.

O ailədə ki, Nigar Rəfibəyli doğulmuşdu, o soyadı ki, dünyaya gəlişi ilə Nigar qazanmışdı, ona səadətli, rəvan, rahat bir yol vəd edirdi.

Babası Ələkbər bəy Gəncənin və bütöv Azərbaycanın ən nüfuzlu ağsaqqallarından idi. Rəfibəylilər qollu-budaqlı, köklü-köməcli bir nəsil idi. Həmin Ələkbər bəy vəfat edəndə Azərbaycan qəzetlərində ən seçkin insanlar bunu şanlı bir millət atasının vəfatı kimi mənalandırmışdılar.

Azərbaycan müstəqillik qazanıb üçrəngli bayrağını ucaldanda Rəfibəylilər yenə öndəydilər. İlk paytaxt Gəncə seçilmişdi və bu məsud müstəqilliyi Azərbaycana, Gəncəyə gətirən ilk mücdəçilərin neçəsi Rəfibəyli idi.

Nigarın atası 
Xudadat bəy ilk müstəqil hökumətin ilk səhiyyə naziri olmuşdu, Gəncənin valisi seçilmişdi.

Bütün bunlar olanda Nigar hələ körpəydi, uşaqdı - anadan olmuşdu 1913-cü ildə.

Sonra bolşeviklər gəldilər, çox dudmanları kor qoydular, çox şərəfli nəsillərin axırına çıxdılar və dünənəcən gələcəyin səadətlər vəd etdiyi Nigar dönüb oldu gələcəyin hər an yeni bədbəxtliklər və ağırdan ağır sınaqlar boyun olduğu bir zavallı.

Sovetin özünə düşmən seçdiyi nəsillərdən oldu Rəfibəylilər.

Mövcud olduğu 7 il boyunca sovet dövləti Rəfibəyliləri doqquz dəfə ən sərt repressiyalara məruz qoydu. Həbs etdi, sürgünlərə yolladı, güllələdi. Gözlədi ki, yeni Rəfibəylilər yetişsin, sonra eyni bəlaları onların başına gətirdi. Rəfibəylilərin iri dəstəsi isə İrana, Türkiyəyə mühacirət etdi. Təntənəsini başlamış, sonra öhdəsindən gəlmək dünya üçn müşkülə çevriləcək Şər imperiyasının caynağından qurtulmuş mühacir Rəfibəylilər xaricdə də rahat yaşaya bilmədilər. Təqiblər orda da davam etdi. Rəfibəylilər izi itirmək üçün Türkiyədə 3 müxtəlif soyadla ömür sürdülər - Arran, Sayqın, Əsgəran. Sovet İttifaqında qalanlar da bəyliklərini, Rəfibəyliliklərini gizlətmək üçün Rəfiyev oldular, Rəfizadə oldular, Babayev oldular, Kərimov oldular...

1931-ci ildə Nigar Rəfibəylinin 18 yaşı vardı.

Sonradan taleyini bağlayacağı Rəsul Rzadan fərqli olaraq o,Bakıya özxoşüna gəlməmişdi, şöhrət ardınca, özünüifadə məqsədiylə can atmamışdı.

Onu anası, dayısı ilə birgə Gəncədən sürgün etmişdilər.

Adının yanında şərəfli və 'ləkəli' soyad, üzərində «xalq düşməni» damğası olan yeniyetmə bir qız ədəbiyyat aləminə atılırdı və hər sözü üfürə-üfürə deyən xəfiyyə ruhlu sovet gerçəkliyi içərisində belə bioqrafiya ilə söz mühitinə gələrək özünü təsdiq etməkdən ağlasığmaz istək təsəvvür etmək çətindir.

Nigar Rəfibəyliyə qəhrəmən deməyib kimə deyəsən?!

Sovet höküməti laxladığı, dağıldığı son çağlaracan Rəfibəyliylilərlə ədavətini kəsmədi- bu isə Nigar Rəfibəylinin bütöv ömrünü əhatə edən yol demək idi.

Bu uzun və məşəqqətli yolu Nigar xanım başacan vüqarla, qeyrətlə, hünərlə addımladı.

Bir ideoloci düşmən ailəsi üçün ən yolverilməz peşə ilə məşğul oldu, şairlik etdi, hər zaman göz önündə oldu və xalq şairi adına layiq görüldü.

Bu titul Nigar Rəfibəyli üçün sadəcə şairliyinə verilən qiymət, recim tərəfindən, dövlət sarıdan nəslinə, ata-babasına verilən böyük bəraət idi.

1931-ci ildə, o çağkı Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan «Maarif evi»ndə biri Göyçaydan, digəri Gəncədən gəlmiş iki gənc, Rəsulla Nigar ilk dəfə rastlaşdılar, toyları çox sonra-qara ayaqlı 1937-nin fevralında olsa da, elə ilk rastlaşdıqları ildən qovuşdular. Qovuşdular və yarım əsr birgə oldular. Birgə addımladılar, birgə mubarizə apardılar. Və heç birinin sevmədiyi recim onları yalnız öləndən sonra ayıra bildi. Recim Rəfibəylilərdən son intiqamını aldı, Rəfibəylilərə son pisliyini etdi. İmkan vermədi ki, Rəsulla Nigar eyni məzarlıqda yanaşı uyusun.

O məzarlıqda ki, orda Mirzə Jəlillə Həmidə xanım yanaşıdır, o məzarlıqda ki, Üzeyir bəylə Məleykə xanım yanaşıdır.

Recim Nigar xanımı yalnız üzdən qəbul edibmiş, içərisində onu elə düşmənləri, arzu etmədikləri sırasında saxlayırmış.

Və təsəvvür edin, bu uzun yarım əsri bunca qart bir düşmənin hakimiyyəti altında yaşayaraq namuslu ədəbiyyat adamı olmaq nə qədər mürəkkəb, həm də nə qədər təhlükəli, riskli bir yol gedişiymiş.

Nigar xanım az yazmayıb. Şerlər, poemalar, nəğmələr yazıb, tərcümələr edib, publisistikayla məşğul olub.

Amma o potensial ki, Nigar xanımda vardı, bunlardan on qat, yüz qat əsərlər doğura bilərdi-həm sayca, həm də xüsusi çəkisiycə.

Ana Nigar xanımın bir yandan həm ailə qayğılarına büründüyünü, uşaqlarının, nəvələrinin yükünü çəkdiyini, ona görə də özünün, atasının hər yazılmış yeni əsərinin anasının yazılmamış əsəri olduğunu etiraf edir. Olsun ki, bu sözlərdə haqq var. Amma siyasi maneələr, dövrun və taleyin yaratdığı göz qırpıqlığı olmasaydı, Nigar xanım çəkdiyindən artıq ailə qayğıları çəkə-çəkə indiki irsindən neçə qat artığını ortaya qoya bilərdi.

Dörd bir ətrafı Nigar Rəfibəyli üçün mövzular təklif edirdi. İki daş arasında, çəngəl-bıçağın, qab-qacağın içindən də şerə döndəriləsi həqiqətləri tapırdı, yazırdı. «Mətbəx şerləri»nin sadə və gözəl örnəyi isbat üçün yetməzmi?

Bütün günü yu, sil
bişir, düşür,
Birinin qismətinə
yüksək masa arxasında oturmaq,
Birinin qismətinə
qab-qacaq yumaq düşür...
Nə zərər,
Bəzən yüksək məclislərdən
daha parlaq,
daha təmiz olur
Adi mətbəxlər...

Nigarı az yazmaq zorunda qoyan nə məişət qayğıları idi, nə mətbəx divarları. İlk növbədə siyası hürkülər idi ürəyindəkilərin onda birini üzə çıxmağa qoymayan.

Axı Nigar yazdığı hər kəlməyə şübhəcil recimin əl altından daimi nəzarət etdiyini anlayırdı. Ona görə də çöldəki bütün senzorlardan daha oyaq, daha kəskin senzor öz içində olmalıydı.

Yazmamaqla ərini də, oğlunu da qoruyurdu.

Sovet reciminin Rəfibəylilərə və Azərbaycana etdiyi ən böyük pisliklərdən biri də bizi Nigar Rəfibəylinin yazıla biləcək neçə-neçə işıq dolu əsərindən məhrum etməsi oldu.

Heykəl də qoymayın şairə vaxtsız,
Zaman sınağından qoy qalib çıxsın.
Nə oxucu ona söyləsin baxtsız,
Nə dövran uçurub heykəli yıxsın.

Qəlblərdə yaşasın onun heykəli,
Şeri məşəl kimi illəri yarsın.
Gələcəyin xohbəxt nəsillərinə
Əsrindən, dövrundən salam aparsın.

Nigar Rəfibəylini həyat yolunun, sənət yolunun lap başlanğıcında doğma Gəncəsindən sürgün etmişdilər. Mərdanə yaşadığı ömrə taleyin son mükafatı kimi Nigar bu əziz şəhərə, atasının, anasının, babalarının, nənələrinin şəhərinə XX yüzilin bitəcəyində heykələ dönərək qayıtdı.

Nigar Rəsula, Rəsul Nigara çoxlu şerlər həsr ediblər. Amma Rəsul Rzanın Nigara 1957-ci ildə, toy axşamlarından 20 il keçərkən səfərdən- Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram elə bil ki, şer kimi şeydir.

«Nigar, əzizim!

İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol!

Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtanalardan qorusun.

Vəfa və sədaqətin qarşısanda baş əyirəm».

Rafael Hüseynov


Nigar Rəfibəylinin şerləri >>