XXI əsr Rəsul Rzasız gəldi. Amma çox istəyirdi ki, bu təzə əsri görsün. Yalnız arzulamırdı. Bu əsrə çatmağa özünü haqlı bilirdi. Deyirdi ki, heç olmazsa yenin əsrin bircə gününü yaşayım, sonra dünyadan gedim. Bu arzusu lentin yaddaşında əbədiləşən səsində də galıb. Sadəcə arzulamır, taleyə iddiası var: “Mən iyirmi birinci əsri necə görməyə bilərəm?!.”.

Ömrü boyu dilində və qələmində olan, bəzən kiminsə xoşuna gəlib, kiminsə döşünə yatmayan, amma əksərən həqiqət olan çox fikirləri kimi Rəsul Rzanın yeni əsrə, Vaxtın təzə sərhəddinə çatmaq niyyətində də onun şəxsiyyəti və yaradıcılığının iki vacib həqiqəti döyünür.

Yeni əsri, təzə minili görməyə Rəsul Rzanın, əlbəttə ki, haqqı vardı və bu haqqının olmasını özü də yaxşı bilirdi. Çünki təzə əsri, yeni zamanı, hər halda dünənkindən bir az yaxşı, bir az irəli getmiş olan, hər halda Azərbaycanın bir qədər də yüksəlmiş olduğu (Azərbaycanın dövlət müstəqilliyinin belə erkən gələcəyini təsəvvür edərdimi?) yeni zamanı gətirənlərdən biri o, özü idi. Bu yeni zamanın gəlməsinə o ömrünün 50 ilinin təcrübəsini və mübarizələrini həsr etmişdi.

Rəsul Rza XX əsri adlayıb XXI əsrə çatmalıydı. Ömrü uzunu darısqallıqdan, qəliblərdən, çərçivələrdən qaçmışdı, dürlü yasaqlar, çəpərlər, maneələrlə mübarizə aparmışdı və son ən böyük mübarizəsi də sakini olduğu əsrin divarını yırtmaq, aşmaq idi. Ona görə də yeni əsrin bircə gününü də özünə bəs hesab edirdi. Tək bircə gün. Köhnə əsrdə, nimdaş əsrdə deyil, həmişə onu sıxmış əsrdə deyil, üfüqləri gep-geniş, ümidlər, arzularla dolu yeni əsrdə yaşanacaq bircə gün.

Sovet zamanında, xaricə gediş-gəlişlərin hələ qıt çağlarında Rəsul Rza Nəsiminin qürbətdəki qəbrini ilk ziyarət edən azərbaycanlılardan oldu. Görünür, təsadüfi deyilmiş. Bu da bir qismətmiş. Nəsimi də şair nəvəsindən beş əsr öncə darısqallıqdan gileylənirdi, cahana sığmadığını bəyan edirdi.

Rəsul Rza XX əsrdə doğuldu, XX əsrdə həyatı başa çatdı. Ömür yolu bütünlüklə bu əsrə sığdı. Amma o, ömrünün hər gününü min bir teliylə bağlı olduğu bu əsrin deyil, daha sonra gələn zamanın balası idi. Əslində o, görməyəcəyi XXI əsrin övladıymış. O, payına düşmüş vaxt kəsiyində sadəcə kirayənişindi.

Rəsul Rzanın hər şerinin sonunda o ədəbi örnəklərin yazılma tarixləri var. O şerlərdəki fikirlər, düşüncələr həmin tarixlərdən daha sonraya aiddir. Rəsul Rza köhnə Azərbaycanın deyil, yeni Azərbaycanın şairi idi.

Babam avam idi
indiyə görə.
Mən avamam sabaha görə.
...Babam olmasaydı
mən olmazdım.
Ancaq qala bilmərəm
babam kimi.
Gələcək günlərə aparmalıyam
mürəkkəb əsrimi.

Rəsul Rzanın ata-babaları avam adamlar olmamışdılar. Ən azı ona görə ki, bu nəsil xan nəsli idi. Rəsul altı yaşındaykən atasını itirdikdən sonra dayısı Hüseyn Rzayevin himayəsində yaşayaraq onun soyadını götürsə, sonacan "Rza" qalsa da, əslində familiyası Məmmədxanlı idi. Atası İbrahim əyalətdə - Göyçayda yaşaya-yaşaya rusca təhsil ala bilmişdi, gözüaçıq bir insandı və kəndin bütün yazı-pozu işləri onun qələmindən keçdiyindən elə camaat arasında da Mirzə İbrahim kimi məşhurlaşmışdı.

Avam olmamışdı Rəsul Rzanın ata-babası, amma yeni zaman "avam" adlanmamaq üçün daha başqa keyfiyyətlər tələb edirdi.

Rəsul 1910-cu ildən idi və onun başlanan həyatı dəyişən, yeniləşən bir zamana düşürdü və sonrakı bütün ömrü ərzində həmişə qəliblərdən qırağa sıçramağa çalışan Rəsula ilk uşaqlıq əyyamlarından artıq Göyçay dar gəlirmiş. Əmisi oğlu, görkəmli yazıçı Ənvər Məmmədxanlı artıq ixtiyar çağlarında yada salırdı günlərin birində Rəsulun təklifiylə buralardan baş götürüb uzaqlara, xülyalar dünyasına, Türkiyəyə qaçmaq istəmələrini.

Uzun illər sıxdı məni:
gah çəkmələrim -
bəzən uzunu, bəzən eni ilə.
Gah ötüb keçən ilə təəssüfüm,
Gah ümidim yeni ilə.
Gah dünyanın dərdi-səri sıxdı məni,
gah corablarımın boğazı.

Rəsul Rzanın ömrünə, zəka bəhrələrinə illərin indiki ucalığından baxarkən duyulan ən əsas həqiqətlərdən biri də budur ki, o, mühitə uyğunlaşanlardan, onacan mövcud olan, başqalarının rahatca yaşadığı ab-havada ömür sürməyə asanca alışanlardan deyilmiş.

O, dünyaya özü mühit yaratmaq üçün gələnlərdən idi.

Bakıya ilk gəlişində iyirmi yaşındaydı. XX əsrin otuzuncu illəri başlanırdı. Və köhnə ədəbiyyatla yeni, yeniləşən, yeniləşməyə can atan ədəbiyyat yanaşıydı. Tək yanaşı yox, çox cəhətdən üzbəüz, qarşı-qarşıya idi. Köhnə ədəbiyyatın ağırçəkili canlı klassikləri də ortadaydı, onların yolunu tutub gedən Rəsul yaşında olanlar da az deyildi. Ədəbiyyatda ilk addımlarını atan, ucqardan nabələd Bakı mühitinə təşrif gətirən köməksiz, arxasız bir cavandan ötrü ayağının yer tutması, maneəsiz irəliləyişi üçün bəlkə də ənənəvi cərəyanın rahat axarına qoşulmaq münasib idi. Amma elə Bakı ədəbi mühitinə qatıldığı lap başlanğıc aylarda - 1931-ci ildə Rəsul Rza "Bolşevik yazı"nı qələmə aldı və dəliqanlıca öz ədəbi məsləki və məqsədinin yenilikçilik, çərçivələrdən aşaraq yeni üfüqlər fəth etmək olduğunu bildirdi.

Bir səs deyir:
Rza, durma!
Rza, yaz!
Yaza yaz!
Qarşı gündən gülümsəyən
yaraşıqlı yaza yaz.

O səs - keçmiş yazlardan yox, gələcək yazlardan yazmağa çağıran səs Rəsul Rzanın içərisindəki yenilikçi fəhmin və Vaxtın səsi idi.

Sonrakı yarım əsrlik ədəbi yolu içərisində Rəsul Rza tənqidləri də, tərifləri də çox görəcək.

Amma özünün görmədiyi, oxumadığı bir qiymət ki, həmin "Bolşevik yazı”ndan dərhal sonra yaranmışdı, mənə çox əziz gəlir. Yaşlı bir insan, köhnə ədəbiyyatın sadiq bir təmsilçisinin qiymətidir o qiymət. Hüseyn Cavidin Naxçıvanda yaşayan, müəllimlik edən, hərdən qələm təcrübələri yerli qəzetdə və respublika mətbuatında dərc edilən böyük qardaşı Şeyx Məhəmməd Rasizadə vermişdi o qiyməti.

Gələcəkdə səndən çox şey gözlənir, Ədəbi məsləkin bir gün izlənir. Rza, durma, Rza, durma, Rza, yaz!

Qoca şair ilk qələm təcrübələrini oxuduğu, ona doğma olmayan üslubda yazan gəncin yolunun, məsləkinin bir gün izlənəcəyini, ədəbi mühitə yenicə atılmış cavanın bir gün özünün mühit yaradacağını peyğəmbər bəsirətliliyi ilə sezmişdi.

Ən sevimlisi isə odur ki, köhnə ədəbiyyatın təmsilçisi və məftunu olan bu insan yenini və cavanı qəlb genişliyi ilə qarşılamağa özündə qətiyyət taprnışdı.

İllər ötəcək, Rəsul Rza məhz yenilikçi olduğuna görə, məhz köhnəlmişi rədd etdiyinə görə, məhz birovuzlaşmışdan imtinaya çağırdığına görə saysız hücumlara hədəf olacaq. Nə qədər gücünü, əsəbini aparacaq bu mənasız mübarizələr. Əslində mənasız da demək olmaz. Bu mübarizələr gərək idi. Bu mübarizələr olmasaydı Rəsul Rza öz yolunu, üslubunu və ardıcıllarını müdafiə edə, qoruya bilməzdi. Bu mübarizənin özü yox, mübarizənin aparıldığı rəqiblər mənasız idi. Amma neyləyəsən ki, onlar çox idilər, əksəri güc, səlahiyyət, nüfuz sahibi idilər.

Bir də - Rəsul Rzanın apardığı yalnız ədəbi mübarizə deyildi ki! O, ədəbiyyatda ən ciddi siyasi mübarizə aparan, qaranlıq mühit içərisində azadfikirliliyin işığının sönməməsinə mərd sinəsini qabağa verərək çalışan nadirlərdən idi.

O, mahiyyətcə çürük, gələcəksiz, ancaq nəhəng, gücü ipə-sapa yatmayan sovet rejimi ilə də mübarizədəydi.

Rəsul Rzanın ömür təqvimində XX yüzildə Azərbaycanın taleyindən keçmiş mühüm olmuşların hamısının izi var. Tale sanki onu həmişə o vacib hadisələrin mərkəzinə, ən qaynar nöqtələrinə doğru qovub. Rəsul Rza otuzuncu illərin repressiya dəhşətlərini də görüb, otuz-qırx-əllinci illərin mədəni quruculuğunun çətin və fərəhli gedişatının da iştirakçılarından olub, İkinci Cahan savaşının odlu-alovlu cəbhələrindən də keçib, 1944-1945-ci illərdə İranda, Cənubi Azərbaycandakı milli oyanışın, milli dövlət quruculuğunun fərəhini də əllə toxunacaq qədər yaxından izləyib. Təbii, bütün bunlar onun yaradıcılığında, solmaz şerlərində əbədiləşib. Lakin o illərin, o keçilmiş yolun elə həmin dövrdə yaranan şerlərdən daha artıq bir faydası qazanılan ömür təcrübəsi idi. Həmin təcrübə, ömür yolunun bütün eniş-yoxuşuyla bunca zənginliyi uzun zaman keçişindən sonra həm arxada qalmış o dövrləri, həm də ümumən həyatı və insanları daha sərrast görüb anlamaqda Rəsul Rzaya yardımçı oldu.

Rəsul Rzanın həyat yolu ağsaqqal müasirləri Cavid kimi, Seyid Hüseyn kimi, Mümtaz kimi, tay-tuşlarından olan Müşfiq kimi 1937-də - 1938-də qırıla bilərdi.

Repressiyalar girdabı onu udmadı, bu bəladan qurtuldu. Otuzuncu illərin qarayaxa mətbuatında bircə qələm dostu haqqında da bircə əxlaqsız, namərd sətri görünrnədi. Amma neçələrinin qələm yoldaşları haqqında xəlvətdə yazdıqları donoslar bir yana, o dövrün mətbuatında donosdan geri qalmayan, dünənəcən üzünə güldükləri neçə şairi, yazıçını dirigözlü məhvə yuvarlayan nə qədər riyalı yazıları da işıq üzü gördü.

Rəsul Rzanın həyatı faşizmlə ağır dava illərində də bitə bilərdi. Sadiq dostlarından olan, sonraların görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov xatırlayırdı Rəsul Rzanın qorxunc bir müharibə axşamında hər ehtimala qarşı vida məktubu yazaraq şüşəyə qoymasını, kiminsə rastına çıxacağı ümidiylə dənizə atmasını.

Müharibədən də sağ-çillə qayıdıb gəldi.

Əllinci illərin ortalarınacan Rəsul Rzanın şerləri, poemaları qədərincə idi, kitabları çıxmışdı, yazdıqları dillərə tərcümə edilmişdi və Azərbaycandan qıraqlarda da imzası tanınırdı.

Ömüryolu 37-də qırılsaydı da, müharibədə bitsəydi də, qırxıncı illərin sonları, əllinci illərin əvvəllərində Rəsul Rza Mircəllad dediyi qəddar Mərkəzi Komitə katibi Mircəfər Bağırovun qəfil qəzəb tutmasına giriftar olub gedər-gəlməzə göndərilsəydi də qalacaqdı.

İstedadlı bir şair kimi əllinci illərin ortalarına qədər o, ədəbiyyatın yaddaşında qalmaq haqqını qazanmışdı.

Amma Tanrı ona böyük yaradıcı üçün, qınamay məni, adi insandan qat-qat daha lazımlı olan uzun ömür də verdi. Rəsul Rza yaşadı, əllinci illərin ortalarından XX yüzilin sonuna doğru 30 ilə yaxın bir yol keçdi və ədəbiyyatın yaddaşında yox, HƏR GÜNÜNDƏ daim yaşayacaq Rəsul Rzanı yaratdı.

Rəsul Rzanın əllinci illərin ortalarına qədərki yaradıcılığı o mərhələdən sonra başlanacaq BÖYÜK YARADICILIĞI üçün bir hazırlıq mərhələsi imiş. Rəsul Rza məhz yaradıcılığının və şəxsiyyətinin bu mərhələsi ilə mühit yaradıcısına, MƏKTƏBƏ çevrildi.

Məbəd anlayışı ilkin olaraq yada ehkamı salır.

Rəsul Rzaya Azərbaycan gəncliyi artıq XX əsrin 60-cı illərində məbəd kimi baxırdı. Lakin Rəsul Rza məbədi o nadir məbədlərdən idi ki, ehkamları, basmaqəlib düşüncəni rədd edirdi, onun nə şerində, nə yaratdığı mühitdə ehkamçılığa yer vardı.

Rəsul Rza şair idi, peşəsi şer yazmaq idi, amma böyük ölçüdə şer də, şairlik də ondan ötrü vasitəyə çevrilmişdi. Özünün Xalqçılıq, Vətənçilik, Azərbaycançılıq, Türkçülük fəlsəfəsi və konsepsiyasını gerçəkləşdirməkdən ötrü münasib bir vasitəyə.

Rəsul Rzada dünyanın çox ölkəsindən Azərbaycan ədəbiyyatına və Azərbaycan xalqına doğru uzanan yollar qovuşurdu.

Rəsul Rza yalnız Azərbaycanın şairi deyildi və artıq sovet zamanlarında o, türk dünyasının böyük və ortaq şairləri mərtəbəsinə ucalmışdı.

1981-ci il aprelin 1-də vəfat edən Rəsul Rzanın 90 yaşı XX yüzilin bitəcəyində tamarn oldu. Rəmzi və qanunauyğun deyilmi ki, Azərbaycanın yox, bütün türk dünyasının olan Rəsul Rzanın bu yuvarlaq ildönümünün bayram edilrnəsi nə uşaqlıq illərini sürdüyü Göyçayda, nə şöhrətlərinin şəhəri Bakıda, nə ümumiyyətlə Azərbaycanda başlandı. Bu Söz və Türklük bayramı Ankarada, İstanbulda başlandı.

Türk dünyasının paytaxtı sayılası o şəhərlərdə başlanaraq oradan Azərbaycana gəldi.

Rəsul Rza Azərbaycan dilinə ən böyük xidmət göstərən insanlardan oldu.

Onun şeri dilimizin qoruqlarından idi.

Gənclik çağlarında vur-tut 23 bahar yaşamış Asəf Zeynallı Rəsul Rzanın sözlərinə bir mahnı yazmışdı: "Sərhəd bəkçisi".

Rəsul Rza özü də illər sonra bir sərhəd bəkçisinə - dilimizin sərhədlərinin keşiyini çəkən yenilməz bir əsgərə döndü.

Azərbaycan şer dilinin ifadə irnkanlarını genişləndirdi, dilimizin ərəb-fars lisanlarının qəliz qatışıqlarından təmizlənməsi yolunda ardıcıl iş apardı.

Rəsul Rza Azərbaycanın bütün tarixi boyu sönməmiş, səngiməmiş etiraz ədəbiyyatının XX yüzilin ikinci yarısında, sovet ideoloji maşınının ən mənəm-mənəm çağlarında ən cəsur təmsilçisi oldu.

Senzura barılarının qat-qat, lay-lay yolu-rizi bağladığı çağlarda Rəsul Rzanın Sovet Azərbaycanında, Azərbaycan dilində dərc etdirdiyi yüksək bədiiliyi yüksək inqilabçılığına qovuşmuş mərd şerləri yatmış qafaları oyadırdı, onsuz da oyaq qafaların ümidsizliyə qapılmasının qarşısını alırdı, rejimin kökünə, təməlinə balta çalırdı. Daha geniş müstəvidə yanaşılırsa, Azərbaycan insanında istənilən ən güclü görünə bilən şərin mahiyyətdə süst, lax, lırt olduğunu, istənilən ən zəif kimi görünən, sozalan işıq təsiri bağışlayan HAQQIN isə gec-tez mütləq qalib gələcəyinə inamı artırırdı.

Rəsul Rza səmt küləyi idi. Tək ədəbiyyatda deyil, mədəni və ictimai-siyasi həyatın ən çeşidli sahələrində zövqün, səviyyənin ən başlıca məhək daşlarından, meyarlarından idi.

Otuzuncu, qırxıncı, lap elə əllinci illərdə olduğu kimi istəməyənləri, badalaq vuranları, düşmənləri az deyildi. Özünün və xəttinin.

Amma dostları və silahdaşları, məsləkdaşları vardı. Sağ yanında Nigarı vardı, Anarı vardı, Ənvər Məmmədxanlısı vardı..., sol yanında Cəfər Cəfərovu, Sabit Rəhmanı, Qara Qarayevi, Niyazisi... Fikir, əqidə, zövq, mübarizə yoldaşları.

Bir də cavan çiyindaşları, onu candan sevən gənc dostları vardı.

Ona görə Rəsul Rza və onun mənsub olduğu dalğa güclü idi, bu "müqtədir dəstə" yenilməz idi və bu möhtəşəm axın Azərbaycanı XXI əsrin üfüqlərinə doğru aparırdı.

mən də olmazdım.
Ancaq qala bümərəm
babam kimi.
Gələcək günlərə aparmalıyam
mürəkkəb əsrimi.

Rəsul Rza Füzulini sevirdi, Nəsimini sevirdi, Aşıq Ələsgəri sevirdi, Sabiri sevirdi, keçmişimizdə yaxşı olan hər şeyi sevirdi. Vacib həqiqəti dərk etmişdi ki, adamın gərək babası ola. Amma daha vacib həqiqət Rəsul Rzadan ötrü o idi ki, gərək hər insan babasını yaxşı tanıya, babasından öyrənə, amma babasından da irəli gedə.

Azərbaycanın ilk milli ensiklopediyasını yaradırdı ki, bu xalq babasını tanısın və olduğu kimi tanısın. Yaradırdı ki, bu xalqın nəhayət ki, doğru-düzgün tarixi yazılsın, təzə əsrə istiqamət götürmüş xalq öz keçmişindən bixəbər qalmasın.

Başa çatdırmağa imkan vermədilər. Onun başladığı və XX əsrin yetmişinci illərində üzə çıxmalı və daha yüksək inkişafı təmin etməli işlər 20-30 il geri atıldı. Amma Rəsul Rzanın ensiklopediyada başladığı işlər nəticəsiz də qalmadı. Onun qığılcımı artıq çox beyinlərə dağılmışdı və əslində ömrü boyu Rəsul Rza üçün ən mühüm olan elə ondan saçıb beyinlərə, ürəklərə düşən, sabah alova, ocaqlara çevriləcək qığılcırnların varlığı idi.

Vərəqləyirəm Rəsul Rzanın kitablarını.

Tək bu gün, indi yox ki!

Tez-tez açıram onun cildlərini.

Müdrik bir dostla söhbət etmək, dərdləşmək, güc, işıq almaq üçün açıram.

Nə əlimdə silah var,
nə fikrimdə ölüm.
Mən insanam;
sinəmdə döyünür
sadə bir ürək.
Məhəbbətə açıqdır könlüm.
Mən insanam;
xalqın sevincini, dərdini
bacardığım kimi yazanam.
...Mən arzu oğlu,
ümid oğlu,
qələbələr atası,
gələcəyin babasıyam.
Mən bu günün müjdəsini
sabaha aparasıyam!

Bir dəfə Rəsul Rzayla Nigar Rəfibəylinin həyatda və ədəbiyyatdakı ləyaqətli davamı Anarla Buzovnaya getmişdik. O bağa ki, Rəsul Rzanın ömrünün neçə yayı orda keçmişdi. Neçə şerini dənizin lap sahilindəki bu xudmani bağın sakitliyində qələmə almışdı.

Çoxdan kimsənin gəlmədiyi bağ suyu qurumuş çay yatağı kimi qüssə gətirirdi. Köhnə rəfdə uzaq illərin təzə jurnalları, qəzetləri, haçandan bəri qatı açılmamış kitablar, Rəsula, Nigara müxtəlif şəhərlərdən gəlmiş məktublar...

Bağın sahibləri yox idilər - sabaha çıxıb getmişdilər.

Kimsəsiz bağın sükutunu yaxın dənizin səsindən başqa pozan yox idi.

Nə deyirdi dəniz?

Bizdən onillərcə əvvəl elə bu bağda, belə səssiz, sakit axşamlardan birində Rəsul Rza da dənizin qulaq cingildədən sakitliyi dağıdan xışıltısını, pıçıltısını dinləyirmiş, danışırmış onunla.

Pəncərəmi açmışam dənizə.
Səhər hələ yoldadır.
Ay gecənin üfüq qapısında,
qarovuldadır.
Deniz də oyaqdır.
Nə gözümdə yuxu var,
nə çimir.
Sahil boş,
dəniz doludur.
Dənizdə dalğalar çimir.
Suya baş vurub qalxırlar.
Boylanırlar tez-tez.
Yəqin onlar da,
səhərçin danxırlar.

Dəniz kimi, dənizin dalğaları kimi hər gəlməmiş səhərdən ötrü darıxan, hər gedən günün ömürdən getdiyini bilə-bilə yenə növbəti səhərə can atan Rəsul Rza hər halda son böyük arzusuna çatıb. O, XXI əsrdədir. Diri şeriylə, canlı sözüylə, bu gün yaranan çox sözdən daha təravətli və gələcəkli sözüylə XXI əsrdədir.

Mən dənizdən nə istəsəm alaram;
balıqdan tulmuş
şerin möcüzəsinə qədər.
Mən dənizə nə verirəm?
Heç nə!
Mən dənizsiz qala bilmərəm
dəniz mənsiz keçinər.

Dəniz sənsiz qaldı, ustad! Kədərlidir, amma neyləyəsən ki, doğru sözmüş - dəniz sənsiz keçinir.

Biz ki, sənsiz keçinə bilmirik!
Sən özün də dənizmişsən, ustad! Hamımızın dənizi!
Ötmüş günlərin və yeni başlanan minilin Dənizi.
Dənizin sonu varmı məgər?! Dənizi axıracan kəşf etmək mümkünmü?!
Dəniz həmişə diri deyilmi, Rəsul Rza?

* * *

...İlk gəncliyində Rəsul Rza Bakıya pənah gətirdi. Burada şöhrətini tapdı, sözü ilə Azərbaycanı fəth etdi, dostlar qazandı, ardıcılları yetişdi, dünyada tanındı, bir kitabxana dolduracaq qədər kitablar doğurdu, yüksək vəzifələr tutdu, dövrün, dövlətin nəvazişlərini gördü, ordenlərə, medallara layiq görüldü...

Xoşbəxt oldumu Rəsul Rza?

Mahiyyəti bunca sərrast duyan belə geniş təfəkkürün sahibi, həyatı və insanları bunca dəqiq görən o cür bəsirətli gözlərin sahibi, hər zaman həmdərd olmaq yanğısı ilə yaşayan şair xoşbəxt ola bilərmi ki!

Xoşbəxt bizik, Azərbaycandır, millətimizdir ki, Rəsul Rzamız vardı!
Xoşbəxt bizik, Azərbaycandır, millətimizdir ki, Rəsul Rzamız var!
Xoşbəxt bizik, Azərbaycandır, millətimizdir ki, Rəsul Rzamız həmişə olacaq!

Böyük millət olmağın mübarizəli yolu davam etdikcə o yaşayacaq, bizimlə qalacaq və həmişə də mübarizənin ən ön sıralarında olacaq!

Rafael Hüseynov


Rəsul Rzanın şerləri